Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəndə dövlət səfəri çərçivəsində Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra mühüm sənədlər imzalanıb və mübadilə olunub.
Sənədlər arasında Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında” Müqavilə, eləcə də iki ölkənin Ali Dövlətlərarası Şurasının üçüncü iclasının qərarı yer alır.
Tərəflər, həmçinin 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını nəzərdə tutan proqram və investisiya-ticarət layihələrinin həyata keçirilməsi üzrə yol xəritəsi imzalayıblar.
Bundan başqa, turizm, mədəniyyət, pensiya təminatı və gömrük xidmətlərinin kinoloji sahədə əməkdaşlığı üzrə sənədlər rəsmiləşdirilib.
Səfər çərçivəsində Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında 2027–2028-ci illər üzrə əməkdaşlıq proqramı da təsdiqlənib.
Eyni dövr üçün Azərbaycanın Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ədliyyə Nazirliyi arasında da əməkdaşlıq sənədi imzalanıb.
Bundan əlavə, Xankəndi ilə Urgənc, Naxçıvanla Urgənc, Laçınla Buxara arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında protokollar imzalanıb.





