Tibb tarixində ilk dəfə Çin alimləri insana donuzun eyni anda iki orqanını — böyrək və qaraciyərini köçürüblər.
Bu barədə South China Morning Post məlumat yayıb. Əməliyyat beyin ölümü diaqnozu qoyulmuş pasiyent üzərində aparılıb.
Transplantasiya Quansi Tibb Universitetinin İkinci Xəstəxanasının həkimləri tərəfindən həyata keçirilib. Nəşrin məlumatına görə, əməliyyatdan sonra köçürülən orqanlar 53 yaşlı pasiyentin bədənində təxminən beş gün fəaliyyət göstərib. Bundan sonra tədqiqat onun ailəsinin xahişi ilə dayandırılıb. Həkimlər bildiriblər ki, bu araşdırma insana donuzun bütöv qaraciyərinin ortotopik transplantasiyasının, eləcə də böyrəklərin ikitərəfli köçürülməsinin mümkünlüyünə dair ilk sübutları təqdim edir.
Məqalədə qeyd olunur ki, indiyədək donuzdan insana orqan ksenotransplantasiyası əsasən ayrı-ayrı orqanların köçürülməsi ilə məhdudlaşırdı. Bu isə bir neçə orqanın eyni anda köçürülməsinin texniki baxımdan olduqca mürəkkəb olması və orqan rəddi riskini artıra bilməsi ilə izah olunur.

