Yeni Zelandiya polisi Kabo-Verde futbol millisinin kapitanı Rayan Mendesə qarşı təcavüz iddiası ilə bağlı istintaqı dayandırıb.
“The Athletic” nəşrinin məlumatına görə, futbolçudan şikayət edən 40 yaşlı braziliyalı qadın yalan ifadə verməkdə ittiham olunur.
Qadın martın 27-də Oklenddə Mendesin onu boğmağa və dişləməyə çalışdığını, daha sonra isə zorladığını iddia edib. O, məhkəmə-tibbi ekspertizadan keçərək polisə müraciət edib.
Bir neçə ay davam edən araşdırmadan sonra polis futbolçuya qarşı irəli sürülən iddiaların təsdiqini tapmadığını açıqlayıb.
Şikayətçi qadın noyabrın 10-da Oklend Rayon Məhkəməsində keçiriləcək iclasa çağırılıb.
Polisin istintaq bölməsinin rəhbəri Skott Bird bildirib ki, belə hallarda cinayət təqibinə başlamaq qərarı tələsik verilmir və aylarla davam edən araşdırmanın nəticəsinə əsaslanır.

