Qətər əmiri Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, tərəflər ABŞ ilə İran arasında gərginliyin azaldılması istiqamətində səyləri müzakirə ediblər.
Danışıq zamanı Qətərin vasitəçiliyi də daxil olmaqla, böhrana son qoyacaq hərtərəfli razılaşmanın əldə edilməsinə yönəlmiş beynəlxalq diplomatik təşəbbüslər nəzərdən keçirilib.
Qətər əmiri Yaxın Şərqdə münaqişənin daha da kəskinləşməsinin qarşısını almaq üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin Hörmüz boğazında gəmiçiliyin sərbəstliyinin və enerji daşıyıcılarının təhlükəsiz tədarükünün təmin edilməsinin əhəmiyyətini qeyd edib.
Qeyd edək ki, Qətər İranla ABŞ arasındakı fikir ayrılıqlarının həllində vasitəçilik edir.

