Maldiv adalarında təxminən 15 metr dərinlikdə dalğıclar arasında dava düşüb. İştirakçılardan birinin digərinin nəfəsalma avadanlığını əlindən almağa çalışdığı iddia olunur.
“The Sun” nəşrinin məlumatına görə, dalğıc təlimatçısı Syao Du suyun altında üç nəfərin ona yaxınlaşdığını, onlardan birinin isə onu itələdiyini bildirib.
Daha sonra tərəflər arasında qarşıdurma yaranıb. Dalğıclardan biri təlimatçının qolundan dəfələrlə tutub və iddiaya görə, onun nəfəsalma tənzimləyicisini çıxarmağa çalışıb.
Syao Du qarşı tərəfin əlindən qurtularaq suyun üzərinə çıxmağı bacarıb. O, həmin şəxsləri suyun altında nəfəs almasına mane olmağa cəhddə ittiham edib.
Hadisədən sonra dalğıc səfərini təşkil edən şirkət aidiyyəti qurumlara müraciət edib və bələdçilərindən birini işdən uzaqlaşdırıb.
Maldivin Milli Su Nəqliyyatı Assosiasiyası da hadisənin araşdırılmasını tələb edərək polisə və Turizm Nazirliyinə müraciət edib.

