İsitmə mövsümündə saçlar tez-tez quruyur, kövrəkləşir və təbii parlaqlığını itirir. Bu problemin qarşısını almaq üçün evdə havanın rütubətinə nəzarət etmək və nəmləndirici cihazlardan istifadə etmək tövsiyə olunur.
Bu barədə trixoloq Anastasiya Volkova “VSE42.RU” nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, qapalı məkanlarda havanın həddindən artıq quru olması baş dərisinin nəm itirməsinə və saç tellərinin qurumasına səbəb olur.

“Saçlarımız süngər kimi fəaliyyət göstərir – nəmi asanlıqla özünə çəkir və eyni qaydada itirir. Ətraf mühitdə hava həddindən artıq quruduqda buxarlanma prosesi başlayır. Quru hava saçın daxili qatlarındakı nəmi də özünə çəkir. Buna qalın qış gödəkçələri, şərflər və papaqlarla davamlı sürtünməni də əlavə etsək, saçlar bu təsirə tab gətirməyərək bütün uzunluğu boyunca qırılmağa başlayır”, – deyə Volkova xəbərdarlıq edib.
Trixoloq payızın sonlarında və qış aylarında saçlara qulluq vasitələrinin seçiminə xüsusi diqqət yetirməyi məsləhət görüb.
Onun sözlərinə görə, hidrolizə olunmuş zülallar, amin turşuları və lipidlər, o cümlədən seramidlər olan məhsullara üstünlük vermək lazımdır.
Bu maddələr saçın zədələnmiş xarici qoruyucu qatının müvəqqəti olaraq hamarlanmasına və saç tellərinin daxilində nəmin saxlanılmasına kömək edir.

