Qara gavalı qurusu, kişmiş, qaragilə və digər bitki mənşəli qidalar hüceyrələri zədələnmədən qorumağa kömək edən antioksidantlarla zəngindir.
Bu barədə dietoloq Lindsi DeSoto “Health” nəşrinə açıqlamasında məlumat verib.
Mütəxəssisin sözlərinə görə, antioksidantlar xüsusilə qurudulmuş meyvələrdə, o cümlədən qara gavalı qurusu və kişmişdə yüksək miqdarda olur.
Dietoloq gündəlik qida rasionuna qaragilə, böyürtkən, çiyələk, moruq və gavalı əlavə etməyi də tövsiyə edib.

Tərəvəzlər arasında isə kale kələmi, Brüssel kələmi və ispanaq antioksidantlarla zənginliyi ilə seçilir. Bu məhsulların tərkibində orqanizmi oksidləşdirici stresdən qorumağa kömək edən polifenollar, karotinoidlər və vitaminlər mövcuddur.
DeSoto hər gün ən azı beş porsiya meyvə və tərəvəz yeməyi, xüsusilə müxtəlif rəngli məhsullara üstünlük verməyi məsləhət görüb.
Onun sözlərinə görə, təzə, dondurulmuş və konservləşdirilmiş meyvə-tərəvəzləri birlikdə istifadə etmək daha məqsədəuyğundur. Çünki onların hər biri antioksidant mənbəyi ola bilər.
Dietoloq həmçinin mümkün olduqda meyvələrin qabığını soymamağı tövsiyə edib. Belə ki, meyvə qabığında da orqanizm üçün faydalı maddələr və qida lifləri mövcuddur.

