“O, Putinə əslində möhlət vermir, ya ona xox gəlir, ya da müttəfiqlərinə yalançı ümidlər verir...”
“Qısası, Rusiyanın tez bir zamanda çökdürülməsi ABŞ-ın geosiyasi maraqlarına cavab vermir və Tramp...”
ABŞ lideri Donald Trampın işğalçı Rusiya diktatoru Vladimir Putinə Ukrayna ilə savaşı bitirmək üçün verdiyi 50 günlük müddəti guya 10-12-dək qısaltması və Pekində Çin liderinin də iştirakıyla Tramp-Putin görüşünün keçiriləcəyi haqda xəbərlərə əslində necə yanaşılmaldır? Görəsən, Tramp yenə də baş qatır, yoxsa doğrudan da Rusiyaya qarşı nəsə real bir iş görməyə hazırlaşır?..
Den.az xəbər verir ki, mövzu ilə Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bunları söyləyib:
ABŞ prezidenti Donald Trampın Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsinin blef olub-olmadığını anlamaq üçün bu barədə bəyanatın hansı şəraitdə verildiyinə və nə kimi çəkindirici amillər ehtiva etdiyinə baxmaq lazımdır. Məlumdur ki, Tramp bu bəyanatı Böyük Britaniyaya səfəri çərçivəsində Şotlandiyada olarkən vermişdi. Sirr deyil ki, Rusiyaya qarşı ən kəskin mövqe sərgiləyən dövlət Böyük Britaniyadır. Fikrimcə, Tramp Böyük Britaniyanın baş naziri ilə söhbətinə yumşaq keçid etmək üçün tərəf müqabilinin arzuladığı sözləri dilə gətirib. Nəzərə alsaq ki, o, Keir Starmerlə yanaşı həm də Avropa İttifaqının prezidenti Ursula von der Leyenlə görüşəcəkdi və xanım Leyen də Rusiyaya qarşı kəskin münasibətlərin tərəfdarıdır, Donald Trampın öz ənənəvi müttəfiqlərinin könlünü xoş etmək barədə düşünməsi təəccüblü deyil...
Üstəlik, 1 saatdan artıq davam edən bu görüşlərdə Trampın qarşıya qoyduğu hədəflər də hansısa güzəştlərə getməyi tələb edirdi. Məlumata görə, həm Keir Stermer, həm də Leyenlə keçirilən görüşdə ABŞ bir çox imtiyazlar əldə etdi. Əldə edilən razılaşmalara əsasən, Avropa İtiffaqı ABŞ-a ixrac edəcəyi mallara görə 15% gömrük rüsumu ödəməli olacaq, ABŞ isə öz məhsullarını Aİ ölkələrinə heç bir rüsum ödəmədən ixrac edəcək. Bundan əlavə, Avropa İttifaqı 750 milyard dollarlıq Amerika enerjisi idxal edəcək, ABŞ-a kollektiv investisiyalarını 600 milyard dollar artıracaq və ən əsası, ondan hər il yüz milyardlarla dollarlıq hərbi texnika alacaq. Xüsusilə son amil ABŞ-ın Rusiyaya qarşı aqressiv ritorika mənimsəməsini tələb edir. Əks halda, öz üzərində rus təhlükəsi hiss etməyən Avropa İttifaqı ABŞ-dan niyə böyük həcmdə silah-sursat alsın? Təsadüfi deyil ki, Aİ və Böyük Britaniyanın ABŞ-la əldə etdiyi bu razılaşmaya Fransa birmənalı yanaşmadı və ölkənin baş naziri bunu Donald Trampa "təslim olmaq” kimi dəyərləndirdi. Çünki Fransanın hesablamalarına görə, Avropa İttifaqı ona lazım olan silahları öz üzvlərindən almalı idi. Yəni əsasən Fransadan. Amma Trampla əldə olunan razılaşmalara görə, Aİ özünə lazım olan silahları ABŞ-dan alacaq. Nəzərə alsaq ki, NATO-nun yeni konsepsiyasına görə, üzv ölkələri öz ÜDM-nın 5%-ni silahlanmaya yönəldəcəklər, bu, Aİ-nın hərbi büdcəsinə ildə 1 trilyon dollar ayırması anlamına gəlir. Sözsüz ki, vəsaitin də böyük hissəsi ABŞ-ın silah sənayesinə gedəcək. Təbii ki, Rusiya ilə gərginlik davam edərsə... Əks halda, Aİ bu qədər vəsaiti ABŞ-dan silah almağa sərf etməsinin səbəbini öz vətəndaşlarına izah edə bilməz...
Bununla belə, Trampın yağış yağdırmadan gur-gur guruldamasının Rusiyaya qarşı ciddi mövqe sərgiləməsi ilə nəticələnəcəyinə inanmıram. Əgər ABŞ-ın belə bir fikri ciddi olsaydı, Avropadakı hərbi qüvvələrinin ən azı 30 faizini qitədən çıxarmaq barədə düşünməzdi. Halbuki, son zamanlar Pentaqona yaxın dairələr bu barədə niyyətlərini gizləmir, Avropadakı hərbi bazalarını Sakit-Hind okeanına köçürməyi planlaşdırır...
ABŞ-ın bu mövqeyi Böyük Britaniya və Aİ-dən fərqli hərbi strategiya mənimsəməsindən irəli gəlir. Məlumdur ki, ABŞ Rusiyanı özünün ən böyük hərbi düşməni kimi görmür. Onun üçün ən ciddi düşmən getdikcə iqtisadi cəhətdən ABŞ-ı dünya arenasında sıxışdıran Çindir. Rusiya isə Çinlə Avropa arasında logistika vəzifəsi görür. “Bir Yol, Bir Kəmər” layihəsinin şimal marşrutu Rusiyadan keçərək Avropaya gedir. Bu logistik əlaqəni kəsmək üçün Rusiya Avropa ilə düşmən olmalı, iki ittifaq arasında bütün yollar, sərhədlər bağlanmalıdır. Sözügedən planın ən qısa yolu isə Ukrayna-Rusiya müharibəsinin uzun müddət davam etməsindən keçir. Üstəlik, bu müharibə həm də Avropanı ABŞ-dan asılı vəziyyətə salır, onun nəzarətdən kənar inkişafının qarşısını alır. Digər tərəfdən isə Avropanı ABŞ silah sənayesinin ən güclü sponsoruna çevirir. Bu baxımdan, Ukrayna müharibəsinin bitməsi, Rusiyanın tez bir zamanda məğlub olması ABŞ-ın da işinə yaramır...
Trampın Rusiyaya verdiyi 50 günlük möhlətin 10-12 günə endirməsi üçün irəli sürdüyü arqument də ciddilikdən uzaqdır. O çıxışında deyib ki, “Rusiyanın Ukrayna ilə ən qısa zamanda sülh razılaşması əldə etmək istiqamətində heç bir səy göstərmədiyinə inanmır və bunun üçün də 50 günlük möhləti 10 günə endirir”. Adama deyərlər; ay Tramp müəllim, bir halda ki, Rusiya 50 günə adam olmayacaq və sən buna əminsən, onda hansı məntiqlə sən ona 10 gün möhlət verirsən? Axı həmin 10 gün də 50 günün içindədir və ilk 5-də birini təşkil edir. Göründüyü kimi, bu möhlət verməyin heç bir məntiqi əsaslandırması yoxdur. Deməli, Tramp Putinə əslində möhlət vermir, ya ona xox gəlir, ya da müttəfiqlərinə yalançı ümidlər verir. Ya da ikisini birdən həyata keçirir...
Üstəlik, bu möhlət müddəti başa çatandan sonra Tramp nə edəcək? Özünün dediyinə görə, Rusiyaya yeni sanksiyalara başlayacaq. Hansı sanksiyalara? Kim ondan neft və qaz alsa, həmin dövlətə qarşı 500%-lik gömrük tarifi tətbiq edəcək. Rusiyadan neft və qaz alan ölkələr deyərkən, kimləri nəzərdə tutur? Əlbəttə ki, ilk növbədə Çin və Hindistanı. Bilirsiniz ki, bundan əvvəl də Çinə 150% gömrük rüsumu tətbiq etmişdi. Pekin ona boyun əymədi və eyni qaydada gömrük tarifləri həyata keçirincə, Tramp geri addım atmaq üçün yüz oyundan çıxdı. Sonunda ağ bayraq qaldırmalı oldu. Məntiqlə 150%-lik tarifləri həyata keçirməyə cəsarət edə bilməyən ölkə 500 %-lik tarifləri ümumiyyətlə dilə gətirməməlidir. Amma gətirir. Niyə? Çünki Trampın əsl məqsədi Avropa İttifaqını da Çinlə özünün mübarizəsinə cəlb etməkdir. Axı Trampın irəli sürdüyü şərtləri yerinə yetirməyən Çinlə ABŞ arasında başlayacaq ticarət müharibəsinin əsl motivi Ukrayna savaşı olarsa, Avropa İttifaqı da məcburən bu prosesə qoşulmalıdır. Deməli, Putinə verilən 10 günlük möhlətin əsl hədəfi Rusiya yox, Çindir... Qısası, Rusiyanın tez bir zamanda çökdürülməsi ABŞ-ın geosiyasi maraqlarına cavab vermir və Tramp Avropa İttifaqını da böyük bir müharibəyə hazırlayır...”