Pop ulduz Beyonce milyarder olub. Bununla da o, bu maliyyə həddinə çatan beşinci musiqiçi kimi tarixə düşüb. Bu barədə Forbes məlumat yayıb.
Məlumata görə, Beyonce “milyarderlər klubu”na həyat yoldaşı Jay-Z, eləcə də Taylor Swift, Bruce Springsteen və Rihanna ilə birlikdə daxil olub.
Son illərdə Beyoncé ciddi maliyyə uğurları əldə edib. 2023-cü ildə keçirilən Renaissance dünya turu ona təxminən 600 milyon ABŞ dolları qazandırıb. 2024-cü ildə ifaçı Cowboy Carter adlı kantri albomunu təqdim edib və bu albom 2025-ci ildə dünyanın ən gəlirli konsert turlarından birinin əsasını təşkil edib.
Forbes və Pollstar-ın hesablamalarına əsasən, Cowboy Carter Tour çərçivəsində bilet satışlarından 400 milyon ABŞ dollarından çox, suvenir məhsullarının satışından isə əlavə olaraq təxminən 50 milyon ABŞ dolları gəlir əldə olunub. Tur 2008-ci ildə Beyoncé tərəfindən təsis edilən Parkwood Entertainment şirkəti tərəfindən istehsal olunub ki, bu da xərclərin azalmasına və mənfəətin artmasına imkan verib.
Forbes-in hesablamalarına görə, 2025-ci ildə konsert turları, disk satışları və sponsorluq müqavilələrindən əldə edilən gəlirlərin birləşdirilməsi nəticəsində Beyoncé vergilər çıxılmadan 148 milyon ABŞ dolları qazanıb və dünyanın üçüncü ən çox qazanan musiqiçisi olub.
Bundan əlavə, ifaçı 2019-cu ildə çəkilən Homecoming: A Film by Beyoncé sənədli filmi üçün Netflix platformasından təxminən 60 milyon ABŞ dolları əldə edib. Bildirilir ki, 2024-cü ildə o, Milad günündə NFL oyununun fasiləsində çıxışına görə 50 milyon ABŞ dolları qazanıb.
Bir il əvvəl isə Beyonce Renaissance World Tour haqqında konsert filmini istehsal edib və filmin 44 milyon ABŞ dolları məbləğində qlobal kassasının demək olar ki, yarısını əldə edib.

