Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik istintaqı davam edir.
Türkiyə mətbuatının məlumatına görə, istintaq çərçivəsində saxlanılan şəxslərin Məhkəmə-Tibbi Ekspertiza Qurumunda aparılan bioloji laboratoriya nəticələri prokurorluğa təqdim edilib. Saç, qan və sidik analizlərindən sonra hazırlanan hesabatda aşkarlanan maddələrin növləri ayrı-ayrılıqda müəyyən edilib.
Hesabata görə, məşhur aktyor Onur Tunanın nümunələrində narkotik vasitə olan marixuananın təsiredici maddəsi THC — Tetrahidrokannabinol aşkarlanıb.

Sosial media fenomeni Özgür Deniz Cellatın laborator analizlərində də eyni şəkildə marixuananın təsiredici maddəsi müəyyən edilib.
İstintaqın ən ağır nəticələrindən biri isə rəqəmsal kontent yaradıcısı Zehra Hanzade Gürkanların hesabatında yer alıb. Bildirilir ki, Gürkanların Məhkəmə-Tibbi Ekspertiza Qurumuna təqdim edilən həm qan nümunəsində, həm də geriyə dönük maddə istifadəsini sübut edən saç nümunəsində təhlükəli narkotik maddələrdən olan kokain metabolitləri aşkarlanıb.

Digər tərəfdən, Mirgün Sırrı Cabas, Tuğçe Postoğlu, Cansu Tekin və Berkay Şahinin qan, sidik və saç testlərinin mənfi çıxdığı öyrənilib.
Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik istintaqı çərçivəsində aralarında Serenay Sarıkaya, Mabel Matiz və Berkay Şahin kimi ictimaiyyətin yaxından tanıdığı çoxsaylı adların da olduğu 20 şübhəli saxlanılmışdı.
Saxlanılan şəxslərdən “məşhurların həkimi” kimi tanınan Mehmet Rahşan həbs edilmişdi.

