Emi Uaynhausun atası Mitç Uaynhaus müğənninin şəxsi əşyalarının satışı ilə bağlı Böyük Britaniyanın Ali Məhkəməsində qaldırdığı iddianı uduzub.
Məhkəmənin qərarına əsasən, o, Emi Uaynhausun keçmiş stilisti Naomi Perri və rəfiqəsi Katrina Qerliyə iki həftə ərzində təxminən 1 milyon funt sterlinq — 1,16 milyon avro ödəməlidir. Mitç Uaynhaus həmçinin qadınların bütün məhkəmə xərclərini qarşılamalıdır.
Mübahisə müğənniyə aid 155 geyim, çanta, zinət əşyası və xatirə predmetinin 2021 və 2023-cü illərdə ABŞ-da keçirilən hərraclarda satılması ilə bağlı yaranıb. Atası qadınların bu əşyalardan qanunsuz qazanc əldə etdiyini iddia etsə də, onlar əşyaların Emi tərəfindən hədiyyə edildiyini və ya əvvəldən özlərinə məxsus olduğunu bildiriblər.

Hakim iddianı “əvvəldən zəif” qiymətləndirib və Mitç Uaynhausun prosesi bilərəkdən genişləndirərək qarşı tərəfə kommersiya təzyiqi göstərməyə çalışdığını qeyd edib. Bildirilib ki, ittihamlar qadınların nüfuzuna, karyerasına, maliyyə vəziyyətinə və sağlamlığına ciddi zərər vurub.
Emi Uaynhaus 2011-ci ildə, 27 yaşında təsadüfi alkoqol zəhərlənməsindən Londondakı evində vəfat edib.

