13 
iyl
2023
17:38
236

ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu

13 iyl, 2023
17:38
236

ADNSU-nun rektoru vəzifəsi Vazeh Əskərova həvalə olundu

Azərbaycan Respublikası elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Strateji məsələlər üzrə prorektor vəzifəsi yaradılıb və bu vəzifəyə ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əskərov təyin olunub.

Elm və təhsil nazirinin digər əmri ilə Vazeh Əskərova ADNSU-nun rektoru vəzifəsi həvalə edilib. 

Qeyd edək ki, Vazeh Eldəniz oğlu Əskərov 15 oktyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-1999-cu illərdə Azərbaycan Dillər Universitetində bakalavr, 2004-2007-ci illərdə Fransanın Mark Blok Universitetində 2 magistr, 2007-2012 illərdə Strasburq Universitetində doktorluq təhsili alıb. 2012-ci ildə ona “Strasburq Universitetinin doktoru” elmi dərəcəsi verilib. 
 
Fransada təhsil aldığı və yaşadığı müddətdə Vazeh Əskərov Azərbaycan diasporunun fəallarından biri kimi tanınıb. 2005-ci ildən Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF/FATA) sədri, həmin ildə Strasburq Azərbaycan Evinin həmtəsisçisi və idarə heyətinin üzvü olub. 

Əmək fəaliyyətinə 2001-2003-cü illərdə yerli və beynəlxalq şirkətlərdə çalışmaqla başlayan Vazeh Əskərov Fransada təhsil aldığı 2003-2013-cü illərdə akademik fəaliyyətlə məşğul olub. 2013-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin rektor müşaviri, 2014-2015-ci illərdə həmin universitetin tədris işləri üzrə prorektoru, 2016-2023-cü illərdə UFAZ-ın icraçı direktoru vəzifələrində çalışıb. 

Vazeh Əskərov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 10-da Mustafa Baba oğlu Babanlının Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar