Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və iki ölkə arasında yükdaşımaların genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya hökumətinin məlumatına görə, məsələlər Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədrlərinin görüşündə nəzərdən keçirilib.
Tərəflər həmçinin ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlıq, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat və logistika məsələlərini müzakirə ediblər.
Görüşdə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat əlaqələrinin inkişafı və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüləcək tədbirlərə ayrıca diqqət yetirilib.
Şahin Mustafayev və Aleksey Overçuk ali səviyyədə əldə olunmuş razılaşmaların, eləcə də hökumətlərarası komissiyanın 24-cü iclasında qəbul edilən qərarların icra vəziyyətini də nəzərdən keçiriblər.
Bundan başqa, tərəflər Azərbaycan və Rusiya üçün praktiki əhəmiyyət daşıyan qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

