Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən məşhur iaşə obyektində dana əti kimi təqdim olunan məhsulda at və ya eşşək əti aşkar edilib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi sentyabrın 30-da sağlamlıq üçün təhlükəli qidalarla bağlı siyahını yeniləyib.
Siyahıya Bursanın Osmanqazi rayonunda yerləşən “Acı Dayı Cantık Salonu” da daxil edilib.
Nazirlik əməkdaşları iyunun 8-də müəssisədən “Çiy cantık içliyi (dana əti)” adı ilə təqdim olunan məhsulun nümunəsini götürərək laborator müayinəyə göndəriblər.
Analiz nəticəsində məhsulda təkdırnaqlı heyvan əti aşkar edilib. Nazirliyin açıqladığı sənədlərdə bunun at və ya eşşək əti olduğu göstərilib.
Bildirilir ki, sözügedən müəssisəyə başqa şəhərlərdən də müştərilər gəlir və bəzən qarşısında uzun növbələr yaranır.
Dana əti kimi təqdim edilən məhsulun tərkibində qanunvericiliyin tələblərinə uyğun olmayan heyvan ətinin aşkarlanması nazirliyin dərc etdiyi rəsmi siyahıda əksini tapıb.

