İranda Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmaq məsələsi ciddi şəkildə müzakirə olunur.
IRNA agentliyinin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı bildirib.
“Bu məsələ İranın siyasi dairələrində ciddi şəkildə müzakirə edilir. Söhbət son dərəcə mühüm məsələdən gedir”, – deyə Bəqayi vurğulayıb.
Onun sözlərinə görə, İran müqavilənin iştirakçısı kimi yalnız öhdəliklərini yerinə yetirməməli, həm də sənədin verdiyi hüquq və üstünlüklərdən yararlana bilməlidir. Tehran daimi təzyiq və hərbi hücum təhdidləri altında yaşamaq istəmir.
Diplomat qeyd edib ki, İran hələ də NPT-nin iştirakçısıdır və müqavilə çərçivəsindəki öhdəliklərini qəbul edir.
Bəqayi əlavə edib ki, ölkənin ali dövlət orqanları müqavilədən çıxmaq barədə qərar qəbul edərsə, Xarici İşlər Nazirliyi həmin qərara uyğun hərəkət edəcək.

