Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filmi beynəlxalq mükafata layiq görülüb.
Film Polşanın Qdınya şəhərində keçirilən 18-ci NNW Beynəlxalq Film Festivalında nümayiş etdirilib. Dünyanın müxtəlif ölkələrindən seçilmiş 60 ekran əsərinin iştirak etdiyi festivalda “Sükut içində addımlar” “Münsiflər heyətinin xüsusi qeydi” mükafatını qazanıb.
Bakı Media Mərkəzi, Drygas Film Production və Polşa Televiziyasının (TVP) birgə istehsalı olan film Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə prosesindən bəhs edir. Filmin əsas qəhrəmanları isə bu təhlükəli və məsuliyyətli işlə məşğul olan qadın minaaxtaranlardır.
Ekran əsərində qadınların hər gün görünməz təhlükə ilə üz-üzə qalması ilə yanaşı, onların ana, qadın və ailə üzvü kimi gündəlik həyatı da əks etdirilir. Təhlükə, iradə, həssaslıq, güc, həyat və ölüm arasındakı qarşıdurma filmin əsas xəttini təşkil edir.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri isə Fariz Əhmədov və İsmayıl İmandır.
Qeyd edək ki, “Sükut içində addımlar” daha əvvəl 66-cı Krakov Film Festivalında “Ən yaxşı təsvir” mükafatına layiq görülüb. Film həmçinin 17–25 oktyabr tarixlərində Rumıniyada keçiriləcək Astra Film Festivalında nümayiş olunacaq.

