Ağlağanlıq və əsəbilik bəzən qalxanabənzər vəzin xəstəlikləri zamanı müşahidə oluna bilər. Lakin bu əlamətlər təkbaşına belə problemlərin xarakterik göstəricisi hesab edilmir.
Bu barədə “SberZdorovye” tibb şirkətinin endokrinoloqu Margarita Belousova RT-yə açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, qalxanabənzər vəz hormonlarının çatışmazlığı ilə əlaqəli hipotireoz zamanı yorğunluq, yuxululuq, üşümə, dəridə quruluq, qəbizlik, diqqətin zəifləməsi və əhvalın aşağı olması müşahidə edilə bilər.
Tireotoksikoz zamanı isə hormonların artıqlığı səbəbindən yuxu pozuntusu, ürəkdöyünmə, çox tərləmə, istiyə dözümsüzlük və normal və ya yüksək iştah fonunda çəki itkisi yarana bilər. Bundan başqa, narahatlıq və emosional qeyri-sabitlik də müşahidə oluna bilər.

Belousova bildirib ki, əhval dəyişiklikləri daha çox həddindən artıq yorğunluq, yuxusuzluq, stress və digər amillərlə bağlı olur. Qalxanabənzər vəzin fəaliyyətində problemə isə əsasən emosional dəyişikliklər digər xarakterik simptomlarla birlikdə müşahidə olunduqda şübhələnmək olar.
Bu əlamətlər davam edərsə, həkim terapevtə və ya endokrinoloqa müraciət etməyi tövsiyə edib.

