Böyük Britaniyanın Mançester şəhərində sinaqoqa əldəqayırma partlayıcı qurğu ilə hücum hazırlamaqda şübhəli bilinən iki nəfər həbs edilib.
The Guardian məhkəmə materiallarına istinadən xəbər verir ki, 34 yaşlı Rəhman Salehi və 36 yaşlı Salam Ahmadyan şəhərdəki yəhudi icmasına məxsus obyektləri hədəf almaqda ittiham olunurlar.
İttiham tərəfinin məlumatına görə, şübhəlilər mümkün hücumdan əvvəl Hiton-Park sinaqoqunu və Mançester Yəhudi Muzeyini araşdırıblar.
Onların internetdə potensial hədəflərin plan və xəritələrini axtardıqları, ərazilərdə müşahidə apardıqları və partlayıcı qurğu hazırlamaq üçün materiallar aldıqları iddia edilir.
İstintaq hesab edir ki, şübhəlilər İranda olduğu ehtimal edilən üçüncü şəxslə əlaqə saxlayıblar. Həmin şəxsin onlara əldəqayırma bomba hazırlamaq barədə təlimatlar verdiyi güman olunur.
“Hər iki təqsirləndirilən şəxs Mançesterin yəhudi icmasına qarşı əldəqayırma partlayıcı qurğudan istifadə etməklə terror aktları hazırlamaqda şübhəli bilinir”, – deyə prokuror Mark Lakett bildirib.
Salehi və Ahmadyan sentyabrın 20-də, Yom-Kippur bayramı ərəfəsində saxlanılıblar.
Onlara terror aktının hazırlanması və ya törədilməsinə yardım göstərilməsi ilə bağlı ittiham irəli sürülüb.
Məhkəmə hər iki şəxsin həbsdə saxlanılması barədə qərar qəbul edib.
İş üzrə növbəti məhkəmə iclası oktyabrın 23-də Old-Beyli məhkəməsində keçiriləcək.

