Sumqayıtda fəaliyyət göstərən “Qurtuluş” Reabilitasiya Mərkəzi ətrafında yaranmış qalmaqallı vəziyyət fonunda mərkəzdə müalicə alan şəxslərdən biri Denmedia.az-a maraqlı açıqlama verib.
Adının açıqlanmasını istəməyən həmin şəxs bildirib ki, o, yaxın günlərdə mərkəzdə narkoloji kursu başa vurub və hazırda ambulator müalicə mərhələsinə keçməyə hazırlaşır.
Onun sözlərinə görə, mərkəzin rəhbəri Ceyhun Salmanovun və digər şəxslərin saxlanılması barədə məlumatı sosial şəbəkələrdən eşidib:
“Bəli, mən də dünən bu xəbəri aldım. Ceyhun bəyin və digərlərinin tutulduğunu sosial şəbəkələrdən öyrəndim”.
Açıqlama verən şəxs məcburi saxlanılma ilə bağlı iddialara da toxunub. Bildirib ki, bu barədə konkret məlumat verməkdə çətinlik çəkir:
“Məcburi saxlanılma iddiaları ilə bağlı kimisə ittiham edəcək məlumatım yoxdur. Amma bəzi insanlar könüllü şəkildə müalicəyə gəlib. Mən özüm də ötən ilin avqust ayında mərkəzə müraciət etmişəm, qəbul olunmuşam və müalicə almışam”.
O, əlavə edib ki, bəzi rezidentlərin mərkəz əməkdaşları tərəfindən müalicəyə cəlb edildiyi hallar olub, lakin bunun da ailə münasibətlərinə problem yaratmadığını deyib:
“Bəzi rezidentləri mərkəzin əməkdaşları gətirib müalicəyə cəlb ediblər. Amma bildiyim qədərilə onların ailələri ilə bağlı heç bir problem olmayıb. Ailələri gəlib-gedib, əlaqə saxlayıblar”.
Müsahib vurğulayıb ki, mərkəzdə olduğu müddətdə hər hansı qanunsuzluqla üzləşməyib:
“Mən orada olduğum müddətdə elə bir halla rastlaşmamışam. Mənə kimsə deməyib ki, ‘səni burada məcburi saxlayırıq’. Hansı hallarda bu iddialar baş verib, açığı, bu barədə məlumatım yoxdur”.
Qeyd edək ki, “Qurtuluş” Reabilitasiya Mərkəzi ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq çərçivəsində mərkəzin rəhbəri və daha iki nəfər saxlanılıb, bir qrup şəxsin isə müalicə adı altında azadlıqlarının qanunsuz məhdudlaşdırıldığı iddia olunur. Hazırda araşdırmalar davam edir və məsələyə hüquqi qiymət istintaqın yekununda veriləcək.
Nizami Rəsulov
Denmedia.az

