Dövlət İmtahan Mərkəzi (DİM) bildirib ki, taksi sürücüləri üçün növbəti imtahan 23 yanvar tarixində təşkil olunacaq. İmtahanda iştirak üçün 1 682 nəfər qeydiyyatdan keçib.
Test imtahanı Bakı şəhərində DİM-in Elektron İmtahanlar Korpusunda (Binəqədi rayonu), Bərdə regional bölməsində, eləcə də Gəncə şəhərində 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahanın müddəti bir saatdır. Namizədlər nəticələrlə imtahan başa çatan kimi və ya vaxt bitdikdən sonra tanış ola biləcəklər. Yekun nəticələr isə növbəti gün DİM-in rəsmi saytında yerləşdiriləcək.
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni elektron xidmət vasitəsilə çap etməlidirlər. İmtahana giriş zamanı buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsinin əsli mütləq təqdim olunmalıdır. Sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
Test zamanı sürücülərə 20 sual təqdim ediləcək. Suallar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müəyyən etdiyi xüsusi hazırlıq proqramını, eləcə də etik davranış və sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktları əhatə edir.
Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar nəticəyə təsir etmir. 10 və daha çox bal toplayanlar imtahandan uğurla keçmiş sayılır və 7 il müddətinə etibarlı şəhadətnamə əldə edirlər.

