Azərbaycan son illərdə şəhərsalma və regional inkişaf sahəsində həyata keçirdiyi genişmiqyaslı layihələrlə diqqət mərkəzindədir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir yol-nəqliyyat infrastrukturunun qurulması, sosial obyektlərin tikilməsi və ekoloji yanaşmanın prioritetə çevrilməsi Azərbaycanın şəhərsalma modelinin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bununla yanaşı, Bakı şəhərində və regionlarda həyata keçirilən abadlıq, yaşıllaşdırma və urbanizasiya layihələri ölkənin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.
Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də bu inkişafın mühüm göstəricilərindən biridir. Son illər ölkəmizdə keçirilən qlobal forumlar, beynəlxalq konfranslar və COP29 kimi mötəbər tədbirlər Azərbaycanın artan nüfuzunu nümayiş etdirir. Bu baxımdan Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev forumdakı çıxışında Azərbaycanın şəhərsalma siyasətinin əsas istiqamətlərini, tarixi-mədəni irsin qorunmasını və müasir urbanizasiya yanaşmalarını geniş şəkildə təqdim etdi.
Dövlət başçısının vurğuladığı kimi, forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi Bakının artıq beynəlxalq dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi yalnız təşkilati uğur deyil, həm də ölkəmizin siyasi sabitliyinin, təhlükəsizliyinin və inkişaf modelinin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir. Forum çərçivəsində şəhərsalma ilə bağlı qlobal çağırışların müzakirə edilməsi Azərbaycanın bu sahədə beynəlxalq təcrübəyə açıq olduğunu və yeni yanaşmaları tətbiq etməyə çalışdığını göstərir.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri Azərbaycanın memarlıq və şəhərsalma ənənələrinin tarixi köklərlə bağlı olması idi. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan hər zaman Şərqlə Qərbin qovuşduğu məkan olmuş və bu xüsusiyyət ölkənin memarlığında da öz əksini tapmışdır. İçərişəhər ilə müasir Bakı arasında olan memarlıq harmoniyası qədim irsin qorunması ilə müasir şəhərsalmanın paralel şəkildə inkişaf etdirildiyini nümayiş etdirir. Bu yanaşma urbanizasiya prosesində milli kimliyin və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha ön plana çıxarır.
Çıxış zamanı Azərbaycanın qədim şəhərləri və tarixi abidələri haqqında səsləndirilən fikirlər də mühüm əhəmiyyət daşıyırdı. Şamaxı, Naxçıvan, Gəncə, Şəki və Qəbələ kimi qədim yaşayış məskənlərinin memarlıq irsinin nümunə kimi göstərilməsi Azərbaycanın zəngin mədəniyyət tarixinin təqdimatı idi. Bu nümunələr göstərir ki, şəhərsalma yalnız yeni yaşayış massivlərinin salınması deyil, həm də əsrlər boyu formalaşmış mədəni irsin qorunaraq gələcəyə daşınması deməkdir.
Prezidentin Bakı Qran-Prisi ilə bağlı müqayisəsi isə şəhər idarəçiliyi və urbanizasiya siyasətinə verilən maraqlı mesajlardan biri oldu. Dövlət başçısı inkişafın cəsarət tələb etdiyini, lakin tarixi irsin qorunmasında son dərəcə ehtiyatlı davranmağın vacibliyini vurğuladı. Bu yanaşma müasir şəhərsalmanın əsas prinsiplərindən biri hesab olunur. Şəhərlərin sürətlə böyüdüyü və urbanizasiya prosesinin genişləndiyi dövrdə balanslı inkişaf modeli xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da bu istiqamətdə özünəməxsus təcrübə formalaşdırmağa çalışır.
Çıxışın mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə həsr olunmuşdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, uzun illər işğal altında qalmış ərazilər tamamilə dağıdılmış vəziyyətdə idi. Bu gün həmin ərazilərdə yeni şəhərlər, kəndlər, yollar, körpülər, məktəblər, xəstəxanalar və beynəlxalq hava limanları tikilir. “Böyük Qayıdış Proqramı” çərçivəsində həyata keçirilən layihələr insanların doğma torpaqlarına qayıdışını təmin etməklə yanaşı, bölgənin iqtisadi inkişafına və məşğulluğun artırılmasına da mühüm töhfə verir. Bu, həm humanitar, həm də strateji baxımdan dövlətin qarşısında duran ən vacib vəzifələrdən biridir.
Prezidentin ətraf mühit və ekoloji şəhərsalma ilə bağlı fikirləri də xüsusi diqqət çəkirdi. Vaxtilə ciddi ekoloji problemlərlə üzləşən Bakının bu gün müasir və yaşıl şəhər konsepsiyasına uyğun şəkildə yenidən qurulması mühüm nümunədir. Qara şəhərin Ağ şəhərə çevrilməsi, yeni parkların və ictimai məkanların yaradılması, ekoloji nəqliyyat vasitələrinin tətbiqi göstərir ki, Azərbaycan şəhərsalma siyasətində dayanıqlı inkişaf prinsipini əsas götürür. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə şəhərsalma yalnız infrastruktur layihəsi deyil, insan rifahına, ekoloji təhlükəsizliyə və tarixi irsin qorunmasına xidmət edən kompleks inkişaf strategiyasıdır.
Elyanura Eminova
Sumqayıt Bələdiyyəsinin üzvü

