İtaliyanın Kazoriya şəhərində 16 yaşlı yeniyetmə dondurma yedikdən sonra yaranan ağır allergik reaksiya səbəbindən həyatını itirib.
Bu barədə Mirror məlumat yayıb.
Məlumata görə, Adriano D’Orsi uşaqlıqdan inək südü zülalına qarşı ağır allergiyadan əziyyət çəkirdi və bu səbəbdən riskli qidalardan daim uzaq dururdu.
Hadisədən əvvəl yeniyetmə dostları ilə birlikdə tanıdığı kafeyə gedib və təhlükəsiz olduğunu düşünərək meyvəli sorbet seçib. Lakin desertdən bir neçə qaşıq yedikdən sonra onda ağır allergik reaksiya başlayıb.
Dostları Adrianonu dərhal atasının yanına aparıblar. Atası oğluna yardım etməyə çalışsa da, hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yeniyetmənin həyatını xilas edə bilməyiblər.
İlkin ehtimala görə, desertə süd izləri ümumi dondurma avadanlığı və ya istifadə olunan ləvazimatlar vasitəsilə keçə bilərdi.
Polis ekspertiza aparılması üçün kafedən dondurma qablarını götürüb. Bildirilir ki, Adriano D’Orsi kapitan olmaq üçün təhsil alırdı və anası ilə birlikdə dünya səyahətinə çıxmağı arzulayırdı.
Hadisə ilə bağlı araşdırma davam edir.

