Diplomatik böhran fonunda İsrail Türkiyədəki diplomatik fəaliyyətini yenidən nəzərdən keçirir.
Ynet nəşrinin məlumatına görə, İsrail İstanbuldakı konsulluğunu bağlamağı, yalnız Ankaradakı səfirliyini açıq saxlamağı müzakirə edir.
Bildirilir ki, hər iki diplomatik nümayəndəlik 2023-cü il oktyabrın 7-dən bəri faktiki olaraq tam tərkibdə fəaliyyət göstərmir. İsrailli diplomatların Bolqarıstanda olduğu, yerli əməkdaşların isə distant iş rejiminə keçirildiyi qeyd olunur.
Bununla belə, İsrail Xarici İşlər Nazirliyində İstanbul konsulluğunun bağlanması ilə bağlı yekdil mövqe yoxdur. Bəzi rəsmilər bu addımı strateji səhv hesab edir.
Digər tərəfdən, konsulluğun boş qalması və yerli əməkdaşların evdən işləməsi fonunda onun saxlanılmasını dövlət vəsaitinin səmərəsiz xərclənməsi kimi qiymətləndirənlər də var.

