ABŞ-ın Arizona ştatında 31 yaşlı Ohra Manakaha azyaşlı oğlunun ölümü ilə bağlı ağır ittihamlarla üzləşib.
Bu barədə AZ Family məlumat yayıb.
Məlumata görə, mayın 17-də qadın 911 xidmətinə zəng edərək otel otağında övladı ilə bağlı baş verən hadisəni etiraf edib. Hadisə yerinə gələn polis əməkdaşları uşağın meyitini otel otağında aşkarlayıblar.
İstintaqın məlumatına əsasən, hadisə aprelin 29-da baş verib. Qadının ifadəsinə görə, azyaşlı oğlunun ağlaması onu əsəbiləşdirib və bundan sonra uşağın vəziyyəti pisləşib. Buna baxmayaraq, Manakaha tibbi yardım üçün müraciət etməyib və yaxınlarına xəbər verməyib.
Bildirilir ki, qadın daha sonra oteldən çıxaraq məcburi narkotik testindən keçməyə gedib. Onun böyük uşaqları həmin vaxt məktəbdə olublar. Geri qayıtdıqdan sonra isə azyaşlının həyatını itirdiyini görüb.
Qadının niyə yalnız mayın 17-də polisə zəng etdiyi hələlik məlum deyil.
Məlumata görə, Ohra Manakahanın daha əvvəl silahlı hücum, sərxoş vəziyyətdə avtomobil idarə etmə, əmlaka qəsdən zərər vurma və ictimai asayişi pozma kimi cinayətlərə görə məhkumluğu olub.

