Moldovanın Faleşti şəhərinin sakinləri Şəhər Günü münasibətilə yumorist Maksim Qalkinin dəvət olunmasını tənqid ediblər.
Bu barədə RIA Novosti məlumat yayıb.
Məlumata görə, Faleştidən olan Moldova parlamentinin deputatı Renato Usatıy Qalkinin mayın 22-də şəhərin mərkəzi meydanında çıxış edəcəyini açıqlayıb. Təxminən 15 min sakini olan şəhərdə bu xəbər sosial şəbəkələrdə narazılıqla qarşılanıb.
Sakinlər bildiriblər ki, sənətçiyə ayrılan qonorar yolların təmiri və digər vacib problemlərin həllinə yönəldilə bilərdi.
Yollar dağılmış vəziyyətdədir, xəstəxanaların divarları uçur, bizə isə yüz minlərlə avro dəyərində artistlər gətirirlər,— deyə istifadəçilər yazıblar.
Bəzi sakinlər isə ironik şəkildə qeyd ediblər ki, Rusiyanı tərk edən Qalkin görünür, maliyyə çətinliyi yaşayır və əvvəllər belə müqavilələrə razılıq verməzdi.
Qeyd olunur ki, Moldova Mədəniyyət Nazirliyi daha əvvəl Faleşti hakimiyyətini xarici sənətçilərin, xüsusilə MDB ölkələrindən olan ifaçıların dəvətinin razılaşdırılması zərurəti barədə xəbərdar etmişdi. Nazirlik bunun mümkün qalmaqalların və təhlükəsizlik problemlərinin qarşısını almaq üçün vacib olduğunu bildirmişdi.
Buna baxmayaraq, təşkilatçılar qərarlarını dəyişməyiblər.

