Tehranın yaratdığı Fars körfəzi Hörmüz Boğazı İdarəsi PGSA su arteriyasında məsuliyyət zonasını əks etdirən xəritə yayımlayıb.
Qurumun X sosial şəbəkəsində yaydığı məlumata görə, İran Hörmüz boğazının idarə olunması üçün öz “tənzimləyici yurisdiksiyasını” müəyyən edib.
PGSA-nın açıqlamasında bildirilib ki, bu zona boğazın şərqində İrandakı Kuh-Mobarak ilə BƏƏ-nin Fuceyrə bölgəsinin cənub hissəsini birləşdirən xətdən başlayaraq, boğazın qərbində İranın Keşm adasının uc nöqtəsi ilə BƏƏ-nin Umm əl-Qeyveyn bölgəsini birləşdirən xəttədək uzanır.
Məlumata əsasən, boğazın bu hissəsindən keçmək istəyən istənilən gəmi öz hərəkətlərini PGSA ilə razılaşdırmalı və qurumdan icazə almalıdır.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası bazar ertəsi Hörmüz boğazı ilə bağlı məsələlərlə məşğul olacaq xüsusi qurumun yaradılması barədə qərar qəbul edib.

