Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Bu barədə Azərbaycan Stolüstü Tennis Federasiyası məlumat yayıb.
Məlumata görə, rekord aprel ayında “Şüa” İdman Kompleksində keçirilən yarışlar zamanı qeydə alınıb.
İdmançı 18,20 metr məsafədən bir zərbə ilə topu uğurla oyuna daxil edib. Rekord cəhdi Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının nümayəndələri və beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun nəzarəti altında baş tutub.
Qeyd edək ki, əvvəlki dünya rekordu 17,50 metr göstərici ilə türkiyəli idmançı Osman Gürcüyə məxsus idi.

