Sumqayıt şəhərində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Reyd Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsinin əməkdaşlarının birgə iştirakı ilə təşkil olunub. Tədbir çərçivəsində küçə ticarətinin aparıldığı ərazilərə baxış keçirilib, ərazidə yaranmış antisanitar vəziyyət aradan qaldırılıb və piyadaların sərbəst hərəkəti təmin edilib.
Reyd zamanı küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah edilərək bu cür fəaliyyətin yolverilməz olduğu diqqətə çatdırılıb.
Araşdırma zamanı müəyyən edilib ki, 20 Yanvar küçəsində küçə ticarətinin təşkilinə və bu fəaliyyət üçün şəraitin yaranmasına Səfərli Ticarət Mərkəzi rəhbərliyi tərəfindən imkan yaradılıb. Bununla bağlı ticarət mərkəzinin məsul şəxsinə rəsmi xəbərdarlıq edilib və belə halların təkrarlanmaması tələb olunub.
Qeyd olunub ki, bu cür reydlərin əsas məqsədi şəhərdə sanitar-gigiyenik vəziyyətin yaxşılaşdırılması, qanunsuz küçə ticarətinin qarşısının alınması, həmçinin sakinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsidir.
Bildirilib ki, qanunsuz küçə ticarətinə qarşı nəzarət tədbirləri bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

