Sumqayıt şəhərdə küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.
Denmedia.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt Bələdiyyəsi və şəhərin memarlıq şöbəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunan tədbir bu dəfə şəhərin əsas giriş yollarından biri – General Məhəmməd Əsədov küçəsində, “daş bazarı” kimi tanınan ərazidə aparılıb.
Reyd zamanı səkiləri zəbt edən, piyadaların hərəkətinə mane olan və ətrafı zibilləyərək şəhərin estetik görünüşünü pozan satıcılara xəbərdarlıq edilib. İcra nümayəndələri tərəfindən qaydaların izahı aparılıb və qanunsuz ticarət fəaliyyəti dayandırılıb. Lakin bəzi satıcılar tədbirlərə etiraz edərək narazılıqlarını bildiriblər. Məlumata görə, mübahisə bir anlıq gərginliyə çevrilib və qarşıdurma yaşanıb.
Rəsmi qurumlar bildiriblər ki, küçə ticarətinin şəhərin ümumi görünüşünə və sanitariya-gigiyena vəziyyətinə mənfi təsiri nəzərə alınaraq bu cür reydlər davam etdiriləcək. Məqsəd, qanunsuz ticarətin qarşısını almaqla yanaşı, həm də şəhər sakinlərinin rahatlığını təmin etməkdir.
Bu kimi reydlərin şəhərin digər küçə və prospektlərində davam etdirilməsi nəzərdə tutulub.