TƏBİB rəhbərliyinin qərarı ilə Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilən Elnur Azadxanov ictimaiyyətə müraciət edib.
O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib ki, dünəndən etibarən Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində fəaliyyətini başa vurub.
Keçmiş direktor qeyd edib ki, 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasının başladığı ən çətin dövrdə həkim kollektivi ilə birlikdə insanların sağlamlığının qorunması üçün gecə-gündüz çalışıblar.
Onun sözlərinə görə, iki ilə yaxın müddətdə COVID xəstəxanasının idarə olunması, daha sonra isə 44 günlük Vətən müharibəsi zamanı yaralı hərbçilərə tibbi xidmət göstərilməsi və şəhidlərin dəfn mərasimlərinin təşkilində iştirak mühüm və məsuliyyətli fəaliyyət istiqamətləri olub.
Elnur Azadxanov bildirib ki, rəhbərlik etdiyi dövrdə icbari tibbi sığorta sisteminin tətbiqi və yeni xəstəxana idarəetmə modelinin formalaşdırılması istiqamətində də işlər görülüb.
O vurğulayıb ki, fəaliyyətləri boyunca hər bir xəstəyə həssas yanaşmağa və vətəndaşların sağlamlığı naminə əllərindən gələni etməyə çalışıblar.
“İnsanlığa xidmət etmək ən böyük xoşbəxtlikdir”, – deyə keçmiş direktor qeyd edib.
Elnur Azadxanov müraciətinin sonunda dövlətə və ölkə rəhbərliyinə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycanın inkişafı naminə üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu bildirib.

