Sumqayıt Tibb Mərkəzi unikal və sosial yönümlü layihəyə imza atıb. Belə ki, şəhərdə yaşayan 11 mindən çox şəkər xəstəsinə dərmanlar birbaşa evlərində çatdırılıb. Bu təşəbbüs tibb sahəsində ölkə üzrə ilk nümunəvi addım kimi qiymətləndirilir və xüsusilə sosial həssas təbəqələrin sağlamlıq hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə Den.az-a açıqlama verən Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bildirib ki, şəkər xəstələrinin uzun müddətdir dərman təminatı ilə bağlı ciddi çətinliklər yaşadığı artıq ictimaiyyətə məlum idi.
Yeni təşəbbüs çərçivəsində Sumqayıt Tibb Mərkəzi xəstələrin elektron bazasını formalaşdırıb. Tibbi göstərişlərə əsasən dərman təyinatı aparılıb, daha sonra isə mərkəzin əməkdaşları həmin dərmanları xüsusi plan əsasında vətəndaşların ev ünvanına çatdırıb. Prosesin tam şəffaf və izləniləbilən şəkildə həyata keçirildiyi bildirilir.
Artıq bu xidmətdən yararlanan on minlərlə şəkər xəstəsi təşəbbüsü müsbət və humanist addım kimi qiymətləndirir. Onların sözlərinə görə, illərlə yaşadıqları dərman sıxıntısı bu təşəbbüslə aradan qalxıb.
Sumqayıt Tibb Mərkəzi tərəfindən atılan bu addım tibb xidmətlərinin daha əlçatan və vətəndaş yönümlü olmasının bariz nümunəsidir. Gələcəkdə bu təşəbbüsün digər xroniki xəstəlikləri olan insanlar üçün də tətbiq olunması planlaşdırılır.
Ellada Rəsul
Den.az