Bakıda rinoplastika əməliyyatı zamanı komaya düşən xəstə ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Denmedia.az apa-ya istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda hökm elan olunub. Məhkəmənin qərarı ilə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva 2 il müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, hər biri 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Mülki iddia qismən təmin edilib. Daha əvvəl zərərin bir hissəsinin ödənilməsi nəzərə alınaraq, Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutularaq zərərçəkənə ödənilməsi qərara alınıb.
Məhkəmə prosesində tərəflər bir-birini məsuliyyətdə ittiham ediblər. Cəmilə Əliyevanın müdafiə tərəfi yanlış intubasiyanın cərrah tərəfindən aparıldığını, Yaqub Əsədinin vəkili isə xəstənin nəzarətsiz qalmasına görə məsuliyyətin anestezioloqun üzərinə düşdüyünü bildirib. Hər iki təqsirləndirilən şəxs məhkəmədən bəraət istəyib.
Qeyd edək ki, ötən ilin aprelində Bakıda yerləşən "MedAura" klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı komaya düşüb. İttihama görə, o, sağlamlığını itirib və hazırda yataq xəstəsidir. Hadisə ilə bağlı anasının şikayətindən sonra cinayət işi başlanmışdı.

