Türkiyəli aktyor və ssenarist Yılmaz Erdoğan “Organize İşler: Karun Hazinesi” serialındakı bir səhnəyə görə tamaşaçılardan üzr istəyib.
Aktyorun ssenarisini yazdığı və rol aldığı ekran işində qədim türk inanclarında xüsusi mənəvi əhəmiyyət daşıyan kam davulunun narkotik vasitələrin ticarəti ilə məşğul olan qruplarla əlaqələndirilməsi sosial şəbəkələrdə etirazlara səbəb olub.
Kam davulu türk və Orta Asiya xalqlarının şaman ənənələrində müqəddəs rəmzlərdən biri hesab olunur. Onun serialda bu şəkildə təqdim edilməsi mədəni və mənəvi dəyərlərə hörmətsizlik kimi qiymətləndirilib.
Tənqidlərdən sonra Yılmaz Erdoğan GÖK-DER təşkilatının rəhbər şəxsləri ilə görüşüb.

Aktyor bildirib ki, kam davulunun adi musiqi aləti kimi istifadəsinin onun müqəddəsliyinə xələl gətirə biləcəyini bilməyiblər.
Erdoğan türk xalqının tarixinə, mədəniyyətinə, inanclarına və milli-mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşdığını vurğulayıb.
O, baş verənləri məlumatsızlıqdan qaynaqlanan diqqətsizlik adlandıraraq, hisslərinə toxunduqları tamaşaçılardan həm özünün, həm də yaradıcı heyətin adından üzr istəyib.
Aktyor GÖK-DER nümayəndələri ilə görüşün qarşılıqlı anlaşma şəraitində keçməsindən məmnunluğunu da ifadə edib.

