İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente 69 nəfərin ölümü ilə nəticələnən sürətli qatar qəzasından sonra istefa verəcəyini açıqlayıb.
Oktyabrın 28-də Toledo əyalətinin Urda yaşayış məntəqəsi yaxınlığında baş verən faciədə iki sürətli qatar toqquşub. Hadisə nəticəsində 69 nəfər həyatını itirib, təxminən 200 nəfər yaralanıb.

Nazir noyabrın 3-də parlamentdə keçirilən iclasda qəza ilə bağlı deputatların suallarını cavablandırarkən istefa qərarını açıqlayıb.
Puente bildirib ki, bir ildən az müddətdə iki belə ağır dəmir yolu qəzasının baş verdiyi ölkədə nəqliyyat nazirinin vəzifəsini davam etdirməsi düzgün olmaz.
“Bu, siyasi ləyaqət, ardıcıllıq və zərərçəkənlərə empatiya məsələsidir”, – deyə o vurğulayıb.
Nazir həmçinin noyabrın 29-na təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədliyini geri götürdüyünü bildirib.

Qeyd edək ki, bu, İspaniyada 2026-cı ildə baş verən ikinci ağır dəmir yolu faciəsidir. Yanvar ayında Kordova əyalətinin Adamus yaşayış məntəqəsi yaxınlığında sürətli qatar qəzası nəticəsində 46 nəfər həlak olmuşdu.
Son hadisə oktyabrın 28-də Madrid–Sevilya xəttində baş verib. İlkin məlumatlara görə, “Renfe” şirkətinə məxsus sürətli qatar relslər üzərində dayanmış “Iryo” qatarı ilə toqquşub.
Qəzanın başvermə şəraiti araşdırılır. Hadisədən sonra dəmir yolu təhlükəsizliyi ilə bağlı müzakirələr güclənib və hökumətin nəqliyyat siyasəti tənqid olunub.

