Fransanın Klermon-Ferran şəhərində yerləşən məsciddə insident baş verib. Hadisə zamanı bir nəfər məscidə daxil olaraq Qurani-Kərim nüsxələrini cırıb, maddi ziyan vurub və təhqiramiz ifadələrlə təhdidlər səsləndirib.
DenMedia.azxəbər verir ki, bu barədə Paris Böyük Məscidi özünün sosial şəbəkə hesabında məlumat yayıb.
Məscid rəhbərliyi bu hadisəni müsəlmanofobiyanın (islamofobiyanın) yeni təzahürü kimi qiymətləndirib və cəmiyyətin hadisədən şoka düşdüyünü bildirib.
“Paris Böyük Məscidi bu hadisədən ciddi narahatlıq keçirir. Bu, Fransada müsəlmanlara qarşı nifrətin təhlükəli bir formasına çevrilir,” – deyə açıqlamada qeyd olunub.
Fransa mediasının məlumatına görə, insidentlə bağlı istintaq başladılıb və hadisəni törədən şəxsin şəxsiyyəti müəyyənləşdirilərək axtarışlar aparılır.

