ABŞ-da hüquqi yardım üçün süni intellektə müraciət edən vətəndaşların sayı artır.
DenMedia.az NBC News-a istinadən yazır ki, bəzi hallarda istifadəçilər peşəkar vəkilləri tamamilə süni intellektlə əvəz edirlər.
Məsələn, Kaliforniyanın Lonq-Biç şəhər sakini Linn Uayt bildirib ki, çıxarılma işi üzrə apellyasiya hazırlayarkən ChatGPT və Perplexity-dən məhkəmə qərarlarını təhlil etmək və arqumentləri formalaşdırmaq üçün istifadə edib.
Nəticədə o, məhkəmədən çıxarılmanın ləğvinə və 70 min dollardan çox cərimə və borcdan azad olunmasına nail olub. Halbuki bundan əvvəl onun vəkili işi uduzmuşdu.
Bənzər təcrübəni Nyu-York sakini Riçard Hoffman da yaşayıb – o, keçmiş işəgötürəninə qarşı vətəndaş məhkəməsində özünü süni intellektin köməyi ilə müdafiə edib, strategiyasını özü hazırlayıb.
Bununla belə, mütəxəssislər süni intellektin yeganə hüquqi mənbə kimi istifadəsindən çəkinməyə çağırırlar.
2023-cü ildə OpenAI-nin GPT-4 modeli vəkillik imtahanını yüksək nəticə ilə versə də, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları sistemin yalnız imtahanı təkrar verənlərin ən yaxşı 10 faizinə daxil olduğunu qeyd ediblər.