Koreya Xalq Demokratik Respublikası (KXDR) “Hvasong-20” adlı yeni qitələrarası ballistik raketini təqdim edib.
DenMedia.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Raketin nümayişi Pxenyanda, Kim İr Sen meydanında keçirilən hərbi parad zamanı baş tutub. Tədbir Koreya Əmək Partiyasının yaradılmasının 80 illiyinə həsr olunub.
“Meydana KXDR-in ən güclü strateji nüvə silahı sayılan ‘Hvasong-20’ raketləri çıxdıqda, tamaşaçıların alqış səsləri zirvəyə çatdı,” — deyə agentliyin məlumatında qeyd olunur.
Paradda həmçinin “Çxonma-20” tankları, 155 millimetrlik özüyeriyən haubitsalar, uzaqmənzilli strateji qanadlı raketlər və “yer-hava” sinifli raket sistemləri də nümayiş etdirilib.
KCNA-nın vurğuladığına görə, bu tədbir ölkənin “ölməz qürurunu və qüdrətini” bütün dünyaya göstərən tarixi hadisə kimi yadda qalacaq.