ABŞ-ın aparıcı media qurumları — The New York Times, Washington Post, CNN, Reuters, Guardian, Associated Press və digərləri Pentaqonun yeni media qaydalarını imzalamaqdan imtina ediblər.
Bu qaydalar KİV-i yalnız rəsmi məlumatları dərc etməyə və anonim mənbələrdən istifadə etməməyə məcbur edir. The Guardian xəbər verir ki, Pentaqon jurnalistlərin bəzi ərazilərə girişini də məhdudlaşdırmaq niyyətindədir.
13 oktyabrda Washington Post redaktoru Mett Myurrey sosial şəbəkə X-də yazıb:
“Təklif olunan məhdudiyyətlər Birinci Dəyişikliyin (Konstitusiya maddəsi) qoruduğu azadlıqlara ziddir və informasiya toplama prosesinə əsassız maneələr yaradır. Biz Pentaqonun fəaliyyətini obyektiv şəkildə işıqlandırmağa davam edəcəyik.”
Qeyd olunur ki, New York Times artıq 11 oktyabrda sənədi imzalamaqdan imtina edib və bəyan edib ki, ABŞ ordusu vergi ödəyicilərinin pulları hesabına illik təxminən bir trilyon dollar alır, buna görə də xalq hökumətin və ordunun nə iş gördüyünü bilmək hüququna malikdir.