Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin hakimiyyət dəyişikliyindən sonra Moskvada dəbdəbəli həyat sürdüyü bildirilir. Bu barədə The New York Times (NYT) mənbələrə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Moskvada yaşayan suriyalı mühacirlərdən biri şəhərin ən hündür göydələnində yerləşən və 62-ci mərtəbədən panoramik mənzərə təqdim edən Sixty restoranında nahar edərkən yüksək vəzifəli qonaqlar arasında Bəşər Əsədin də olduğunu görüb. Həmin restoran Rusiya siyasi elitasının nümayəndələri və xarici məşhurların tez-tez üz tutduğu məkanlardan biri kimi tanınır.
Mənbələrin iddiasına görə, Əsədlərin lüks həyatı Moskvaya köçdükdən dərhal sonra başlayıb. İlk mərhələdə ailə Four Seasons otelinin apartamentlərində yerləşib və burada həftəlik qalma xərci 13 min dollara çata bilər. Daha sonra keçmiş Suriya lideri ailəsi ilə birlikdə “Federasiya” qülləsindəki iki mərtəbəli penthausa köçüb.
Keçmiş suriyalı rəsminin sözlərinə görə, Əsəd ailəsi sonradan Rublyovkada məskunlaşıb. Həmin mənbə iddia edib ki, Rusiya xüsusi xidmət orqanları ailənin təhlükəsizliyini təmin etməyə və onların hərəkətlərini nəzarətdə saxlamağa davam edir.
Xatırladaq ki, 15 dekabrda The Guardian da Bəşər Əsədin Rublyovkada elit yaşayış məntəqəsində, ehtimalən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxınlığında yaşadığını yazmışdı. Bildirilirdi ki, keçmiş Suriya prezidenti rus dilini öyrənir və oftalmologiya sahəsində biliklərini artırır.

