Kamboca və Tailand arasında sərhəd böhranı dialoq masasına daşınıb. The Guardian nəşrinin yazdığına görə, silahlı qarşıdurma riski fonunda tərəflər nəhayət ki, danışıqlara başlamaq qərarı veriblər.
Bangkok açıq şəkildə müsbət nəticələr gözlədiyini bildirir, lakin prosesin taleyinin birbaşa Kambocanın mövqeyindən asılı olduğu vurğulanır. Tailand Müdafiə Nazirliyinin nümayəndəsi, kontr-admiral Sura sant Konqsiri bildirib ki, görüşlərin real nəticə verməsi qarşı tərəfin konstruktiv addımlar atmasından asılı olacaq.
Pnompen də dialoqa hazır olduğunu təsdiqləyib. Kamboca tərəfi zorakılığın dayandırılmasını, bölgədə sabitliyin bərpasını və sərhəd ərazilərində normal həyata dönüşü əsas hədəf kimi göstərib.
Danışıqlar Tailandın Çanthaburi əyalətində, birbaşa sərhəd xəttində keçirilir və şənbə gününədək davam edəcəyi gözlənilir. Bu görüşlər ya gərginliyi azaldacaq, ya da regionda yeni eskalasiya risklərini açıq şəkildə ortaya qoyacaq.

