Tailand və Kamboca sərhədində toqquşmalar müharibəyə çevrilə bilər.
Den.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailandın baş naziri vəzifəsini icra edən Phumtam Veçayçay bildirib.
Tailand Silahlı Qüvvələri Kamboca tərəfinin mülki əhalini "Qrad" çoxsaylı buraxılış raket sistemləri ilə atəşə tutduğunu açıqlayıb.
Qeyd olunur ki, Tailand qoşunları operativ şəraitə uyğun olaraq adekvat cavab verirlər.
İyulun 24-nə keçən gecə Tailand və Kamboca sərhədində mübahisəli ərazidə quru qoşunları arasında atışma başlayıb. Tailand hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda ittiham edib, daha sonra isə ölkənin Hərbi Hava Qüvvələri qonşu dövlətin ərazisindəki hədəflərə zərbələr endirib. Bu, Banqkok və Pnompen arasında yeni bir gərginliyə səbəb olub.
Tailand və Kamboca arasında sərhəd mübahisəsi 1904-cü ildə Siam Krallığı (Tailandın əvvəlki adı) ilə Üçüncü Fransa Respublikası arasında imzalanmış müqavilədən qaynaqlanır. Sənəd Siamın o vaxtlar Fransanın hakimiyyəti altında olan qonşu ərazilərlə sərhədlərini müəyyən edirdi. Lakin 1953-cü ildə Kamboca Fransadan müstəqillik qazandıqdan sonra sərhəd xətti mübahisəli oldu.