Tailandın Kral Hərbi Hava Qüvvələri Kamboca ordusunun mövqelərinə zərbələr endirib. Bu barədə TASS Tailand HHQ-sinin mətbuat katibinin ofisinin bəyanatına istinadən xəbər verir.
Bəyanatda qeyd olunur ki, əməliyyat “Kambocanın Tailandın milli təhlükəsizliyinə, sərhədyanı rayon sakinlərinin təhlükəsizliyinə və Tailand hərbi şəxsi heyətinə birbaşa təhdid yaradan güc tədbirlərinə cavab olaraq” həyata keçirilib.
Məlumatda bildirilir ki, “Kamboca ağır silahları səfərbər edib, döyüş bölmələrini yenidən qruplaşdırıb və atəş dəstəyi bölmələrini hazırlayıb ki, bu da hərbi əməliyyatların eskalasiyasına və Tailandın sərhədyanı rayonuna təhdid yaratmağa səbəb ola bilərdi.”
Bəyanata əsasən, buna görə də Kambocanın hərbi potensialını cilovlamaq və azaltmaq üçün aviasiyadan istifadə olunub.
Həmçinin vurğulanır ki, zərbələr “yalnız Kambocadakı hərbi obyektlərə” endirilib.

