Ukrayna hazırda qan tökülməsini dayandırmaq və layiqli sülhə nail olmaq üçün real fürsətə malikdir. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram hesabında yazıb.
Prezident bildirib ki, Estoniyanın baş naziri Kristen Mixal ilə telefon danışığı aparıb. Görüş zamanı müharibənin gedişi, sülh perspektivləri və Ukrayna ordusunun gücləndirilməsi məsələləri müzakirə olunub.
“Hazırda qan tökülməsini dayandırmaq və layiqli sülhə nail olmaq üçün böyük şansımız var.”
Zelenski qeyd edib ki, ABŞ tərəfi ilə aparılan danışıqların son detalları Estoniya baş naziri ilə bölüşülüb və bu mərhələdə tərəfdaşların prosesə tam cəlb olunması həlledici əhəmiyyət daşıyır.
“Bizim üçün tərəfdaşların vəziyyəti düzgün anlaması və maksimum dərəcədə prosesə qoşulması son dərəcə vacibdir.”
Dövlət başçısı əlavə edib ki, Estoniya Ukraynaya genişmiqyaslı müharibənin ilk günlərindən etibarən ardıcıl dəstək göstərir və bu dəstəyin davamı müzakirə mövzusu olub.
“Estoniyanın dəstəyi təhlükəsizlik və müdafiə sahəsində konkret nəticələr verir.”
Onun sözlərinə görə, SAFE proqramı çərçivəsində birgə layihələr, eləcə də hava hücumundan müdafiəni gücləndirən və enerji infrastrukturunu qoruyan PURL proqramı xüsusi əhəmiyyət daşıyır.

