İtaliyalı modelyer Karl Laqerfeldin vəsiyyətnaməsi naməlum şəxslər tərəfindən mübahisələndirilir. Məşhur dizaynerin idarə etdiyi Fendi və Chanel moda evləri ilə tanınan Laqerfeldin irsi ilə bağlı prosesin başladığı bildirilir. Bu barədə Almaniyanın Bild qəzeti məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, 2016-cı ildə dəqiq planlaşdırılmış vəsiyyətnamə dizaynerin iradəsinə zidd şəkildə yenidən bölüşdürülə bilər.
Laqerfeldin vəsiyyətnaməsinin icraçısı Kristian Buasson əsas varislərin mirasdan məhrum edilə biləcəyi barədə məlumat verib. O, bu informasiyanı modelyerin sağ qalan qohumları — qardaş uşaqlarına çatdırıb. Vəsiyyətnamənin mübahisələndirilməsi təşəbbüsünün kim tərəfindən irəli sürüldüyü açıqlanmır. Lakin sənəd etibarsız sayılarsa, Laqerfeldin 200 milyon avro dəyərindəki sərvəti onun yaxın qohumları arasında bölüşdürülə bilər.
Karl Laqerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat edib. O, vəsiyyətnaməsini ölümündən üç il əvvəl tərtib edib. Sənədə əsasən, sərvətin yeddi etibarlı şəxs arasında bölüşdürülməsi nəzərdə tutulurdu. Onların sırasında dizaynerin pişiyi Şupettin baxıcısı Fransuaza Kasso, assistenti Sebastyan Jondo və xaç oğlu Hadson Kreniq yer alırdı. Qeyd olunur ki, Laqerfeld vəsiyyətnaməsində qohumlarına yer verməyib.

