ABŞ prezidenti Donald Tramp İran məsələsində Londonun mövqeyindən narazıdır və Böyük Britaniyanın baş naziri Keir Starmeri “uğursuz” adlandırıb.
Bu barədə The Daily Telegraph qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp dostları ilə şam yeməyi zamanı Starmeri “uğursuz” adlandırmağa başlayıb və onun siyasi gələcəyinin olmadığını düşündüyünü bildirib.
Bundan əvvəl The Sun nəşrinə müsahibəsində Donald Tramp Böyük Britaniyanın İrana qarşı hücumda ABŞ-ı dəstəkləməli olduğunu demişdi. O vurğulayıb ki, ABŞ bu vəziyyətdə müstəqil şəkildə hərəkət edə bilər, lakin yenə də Londonun dəstəyinə ümid edib.
ABŞ prezidenti həmçinin Starmerin ABŞ hərbçilərinə Çaqos arxipelaqındakı Dieqo-Qarsiya bazasından İrana zərbə endirmək üçün istifadə etməyə icazə verməməsindən narazı qaldığını bildirib.
Daha sonra Böyük Britaniyanın baş naziri mövqeyini dəyişsə də, Trump qeyd edib ki, Starmerin qərar verməsi üçün “çox vaxt lazım olub”.

