ABŞ Dövlət Departamenti cümə günündən etibarən aliment borcu olan vətəndaşların pasportlarını geri çağırmağa başlayacaq.
Bu barədə qurumun Associated Press agentliyinə təqdim etdiyi açıqlamada bildirilir.
Yeni qaydalar ilk dəfə olaraq təkcə pasportun yenilənməsi üçün müraciət edən şəxslərə deyil, həm də artıq qüvvədə olan pasportlara şamil ediləcək.
ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə, proqramın ilk mərhələsində aliment borcu 100 min dollardan çox olan təxminən 2,7 min nəfər tədbirlə üzləşəcək.
Daha sonra mexanizm federal qanunla müəyyən edilmiş 2,5 min dollar həddini keçən bütün borclulara tətbiq olunacaq.
Qeyd olunub ki, bu qanun hələ 1996-cı ildə qəbul edilsə də, uzun illər praktiki olaraq geniş tətbiq edilməyib.
Hazırda ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyi ştat qurumlarından məlumat topladığı üçün müəyyən edilmiş həddi keçən şəxslərin dəqiq sayı məlum deyil.
Qurum hesab edir ki, söhbət “minlərlə pasport sahibindən” gedə bilər.

