Avropa Komissiyası Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi ticarət məhdudiyyətlərindən zərər çəkən özəl sektora dəstək üçün 34 milyon avro ayıracağını açıqlayıb.
Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ayrılan vəsait Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tərəfindən daha əvvəl elan edilən kompleks yardım paketinin ilk tranşı olacaq.
Bundan başqa, Avropa İttifaqı əlavə iqtisadi dəstək təşəbbüsləri çərçivəsində erməni istehsalçılarının xarici bazarlara çıxış imkanlarını genişləndirməyi planlaşdırır.
İyunun 15-də Aİ diplomatiyasının rəhbəri Kaya Kallas jurnalistlərə açıqlamasında bildirmişdi ki, Avropa İttifaqı Rusiyanın iqtisadi məhdudiyyətlərinə cavab olaraq Ermənistan üçün dəstək proqramı hazırlayacaq. O, həmçinin Aİ-nin Yerevana dəstək üçün məsləhətçilər missiyası göndərəcəyini qeyd etmişdi.
Qeyd edək ki, Rusiya daha əvvəl Ermənistandan ölkəyə gətirilən bir sıra məhsullara məhdudiyyət tətbiq edib. Məhdudiyyətlər mineral su, spirtli içkilər, tərəvəz və meyvələr də daxil olmaqla müxtəlif məhsulları əhatə edir.

