Ağ Ev ABŞ-ın İranda məktəbə endirilən zərbə ilə əlaqəsi olması barədə ittihamları rədd edib.
Ağ Ev bildirib ki, ABŞ heç vaxt uşaqlara zərbə endirmir.
Brifinq zamanı jurnalistlər Ağ Evin mətbuat katibi Karolin Levitdən Sky News telekanalının yaydığı məlumatı şərh etməyi xahiş ediblər. Həmin məlumatda İranın Minab dairəsində qızlar məktəbinə zərbənin ABŞ hərbçiləri tərəfindən endirildiyi iddia olunurdu.
“Prezident bilir ki, hərbçilərimiz hər zaman vicdanla hərəkət edir və heç vaxt, heç bir halda dinc sakinləri və ya uşaqları hədəfə almır”, — deyə Levit bildirib.
Bununla belə, Ağ Ev rəsmisi Sky Newsun araşdırmasını şərh etməkdən imtina edib. O, araşdırmanın məzmunu ilə tanış olmadığını deyib.
Levit əlavə sualların araşdırma aparan Pentaqona ünvanlanmasını təklif edib.
“Araşdırma davam edir və əlavə suallarla bağlı sizi Müharibə Nazirliyinə yönləndiririk”, — deyə Ağ Ev sözçüsü bildirib.

