İsrail imkanlarına görə ABŞ istehsalı olan F-35 qırıcısı ilə müqayisə edilə biləcək pilotsuz döyüş təyyarəsi hazırlamağı planlaşdırır.
Bloomberg-in mənbəyə istinadən yaydığı məlumata görə, layihə Təl-Əvivin ABŞ-nin hərbi yardımından tədricən asılılığı azaltmaq və silahların birgə hazırlanması ilə istehsalına əsaslanan yeni əməkdaşlıq modelinə keçmək strategiyasının bir hissəsidir.
Mənbələr yeni pilotsuz təyyarənin yaradılmasında digər ölkələrin də iştirak edə biləcəyini bildiriblər. Lakin layihəyə hansı dövlətlərin qoşula biləcəyi açıqlanmayıb.
ABŞ-nin “Lockheed Martin” korporasiyası tərəfindən hazırlanan F-35 beşinci nəsil, radarlarda çətin aşkarlanan, çoxfunksiyalı qırıcı-bombardmançı təyyarədir.
ABŞ Hesablama Palatasının məlumatına görə, F-35 proqramının uzunmüddətli istismar və texniki xidmət xərclərinin 1,6 trilyon dollara çata biləcəyi proqnozlaşdırılır.

