İsveçrənin Swissquote bankı və onun Yuh adlı törəmə şirkəti ölkədə yaşayan Rusiya vətəndaşlarının bank hesablarını bağlamağa başlayıb. Bu barədə Inside Paradeplatz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hesabların bağlanması İsveçrədə yaşayış icazəsi olan, hətta ikili vətəndaşlığı olan Rusiya vətəndaşlarına da şamil edilə bilər. Nəşr hesab edir ki, qərar təxminən 600 hesabı əhatə edə bilər.
“Burada yaşayan ruslar son günlər xoşagəlməz xəbərlər alıblar. Swissquote bankı və onun “qızı” Yuh onların hesablarını bağlayır”, – deyə materialda bildirilir.
Swissquote bankının rəhbəri Mark Bürki isə hesabların sistemli şəkildə bağlanmadığını bildirib. Onun sözlərinə görə, xüsusi hallarda – müştərinin sanksiyalar altında olması və ya Rusiya ilə iqtisadi baxımdan sıx əlaqəsinin mövcudluğu zamanı – belə tədbirlər tətbiq edilə bilər.
Bununla belə, hesabı bağlanan müştərilərdən biri nəşrə bildirib ki, qərar məhkumluğu olmayan, daimi yaşayış icazəsinə malik şəxslərə, bəzi hallarda isə İsveçrə pasportu olan şəxslərə də şamil edilib.

